F.A.Q.

Tez-tez verilən suallar

1) Sual: Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını kim müəyyən edir?

Cavab: AR Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.3-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.


2) Sual: Subroqasiya hüququ nədir?

Cavab: AR Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.


3) Sual: Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin hansı nisbətlərində ödənilir?

Cavab: “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 14.2-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir:

  • 14.2.1. zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi — 100 faiz;
  • 14.2.2. zərərçəkənin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan edilməsi — 100 faiz;

14.2.3. zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ona əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması:

  • 14.2.3.1. I qrup əlilliyə və ya 18 yaş tamam olana qədər sağlamlıq imkanlarının məhdudluğuna görə – 80 faiz;
  • 14.2.3.2. II qrup əlilliyə və ya beş il müddətinə sağlamlıq imkanlarının məhdudluğuna görə – 60 faiz;
  • 14.2.3.3. III qrup əlilliyə, iki il müddətinə və ya altı aydan iki ilə qədər müddətə sağlamlıq imkanlarının məhdudluğuna görə – 40 faiz;
  • 14.2.4. əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması – 30 faiz;
  • 14.2.5. yüngül xəsarət alması – 15 faiz.

4) Sual: Sığorta ödənişi neçə gün ərzində ödənilməlidir ?

Cavab: “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.


5) Sual: Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri zərərçəkən hesab edilirmi?

Cavab: “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 6.6-cı maddəsinə əsasən fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Eləcə də Qanunun 7-ci maddəsinə əsasən sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar.


6) Sual: Səlahiyyətli dövlət orqanları sığortaçının və ya onun nümayəndəsinin yazılı sorğusuna əsasən, sığorta hadisəsi ilə əlaqədar tələb olunan məlumatları hansı müddətdə təqdim etməlidir ?

Cavab: AR MM-nin 924.3-cü maddəsinə əsasən səlahiyyətli dövlət orqanları sığortaçının və ya onun nümayəndəsinin yazılı sorğusuna əsasən, sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər.


7) Sual: İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları hansılardır ?

Cavab: “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır:

  • 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda;
  • 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması;
  • 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
  • 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə;
  • 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı.
  • 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda;[58]
  • 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə;

25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda.

25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.


8) Sual: Daşınmaz əmlakın icbari sığortası üzrə hansı hallar sığorta hadisəsi hesab edilir ?

Cavab: Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur:

  • 1. yanğın, ildırım düşməsi;
  • 2. məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı;
  • 3. elektrik naqillərində baş verən qısa qapanma;
  • 4. buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı;
  • 5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma;
  • 6. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri;
  • 7. yerüstü nəqliyyat vasitəsinin dəyməsi;
  • 8. təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;
  • 9. üçüncü şəxslərin hərəkətləri.

9) Sual: Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri hansı qaydada müəyyən edilir?

Cavab: İSQ 56-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir:

  • 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat;
  • 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.
  • 56.2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir.

10) Sual: Fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi necə müəyyən edilir?

Cavab: ISQ-nin 58.3–2ci maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır.