Bu sığorta növü şəxslərin əmlak maraqlarına, stasionar maşın və mexanizmlərin, avadanlıqların və digər dəzgahların gözlənilməz sınmasının nəticəsində dəyən zərərlərlə əlaqəlidir.
“Xalq Sığorta” ASC sınaq müddəti başa çatdıqdan sonra gözlənilməz şəraitlə bağlı (sənaye qəzaları, yararsız materiallar, qısa qapanmalar, su səviyyəsinin dəyişməsi, personalın səhvi, təxribat və s.) avadanlıqlara və cihazlara dəyən müxtəlif zərərlər nəticəsində yaranan xərclərin təzminatını, o cümlədən zərərə məruz qalan avadanlıqların təmiri və ya dəyişdirilməsini özündə birləşdirən etibarlı sığorta təminatı təklif edir.
Bu sığorta növünü əldə etmək üçün 183 nömrəsinə zəng vurmaq yaxud müraciət forması göndərmək kifayətdir – bizim mütəxəssislər mütləq Sizinlə əlaqə saxlayacaq və Sizi maraqlandıran bütün sualları cavablandıracaqlar.
DƏZGAH SINMASI SIĞORTASININ
QAYDALARI
ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti
haqqında» Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi aktlara uyğun
olaraq hazırlanmışdır.
1. SIĞORTA PREDMETİ VƏ SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ
Bu Qaydalar üzrə sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak
mənafelərinin aid olduğu dəzgah və qurğulardır.
Bu sığorta qaydaları ilə, sığorta şəhadətnaməsinin əlavəsi olan və onun ayrılmaz
hissəsini təşkil edən inventar cədvəlində miqdarı, istehsal tarixi, xüsusiyyətləri və dəyərləri
göstərilən dəzgah və qurğulara sınaq müddətindən sonra normal işlədikləri zaman və ya iş
yerində təmizləndiyi, yoxlanıldığı, yeri dəyişdirildiyi və ya bir yerdə durduğu halda aşağıdakı
qəflətən baş vermiş və gözlənilməz səbəblər nəticəsində, dəyən maddi ziyan və zərərlərə,
habelə onların zəruri etdiyi təmir və yenisi ilə əvəz etmə xərclərinə təminat verilir:
1.1. İş qəzaları;
1.2. Modelin, istehsalın, montajın, materialın, qəlibin, qəlibə tökmənin qüsurlu olması
və ya lazımi səviyyədə icra edilməməyi;
1.3. Düzgün yağlanmamağı;
1.4. Elektrik enerjisinin birbaşa təsiri nəticəsində meydana gələn qısa qapanma, yanıbsönmə,
cərəyan yükünün artması, qeyri-düzgün izolyasiya və ildırım kimi atmosfer elektrik
yüklənməsinin dolayı təsirləri;
1.5. Tıxanma, kənar maddə düşməsi;
1.6. Mərkəzdənqaçma qüvvənin təsiri nəticəsində olan parçalanmalar;
1.7. Buxar qazanlarında və buxar çənlərində su çatışmazlığı;
1.8. Suyun səviyyəsinin dəyişməsi, gözlənilmədən həddindən artıq qızma və ya
soyuma;
1.9. Təzyiqin aşağı düşməsi nəticəsində qapalı qablarda əmələ gələn əzilmə, deşilmə,
qırışma və s. deformasiyalar;
1.10. Fırtına və qasırğa, donma və ya əriyən buz parçalarının sürüşməsi;
1.11. İşçi heyəti və ya üçüncü şəxslərin kobud səhvi, qüsuru, xətası, diqqətsizliyi və ya
sabotajları;
1.12. İstisna edilməyən digər hallar:
Drel, qayçı, bıçaq, mişar, polad və ya metal hissələrə, kəsici alət və ləvazimatlara,
matrisa və qəliblərə, metal əritmə sexlərindəki isti metal valslara, standart şablonlara,
modellərə, rəsm rulonlarına, üyüdücü, sındırıcı və qarışdırıcı alətlərə, ələk və xəlbirlərə, tros,
kanat, zəncir, konveyer lentləri və qayışlar kimi dəyişdirilə bilinən hissələrə və müəyyən
müddətdən sonra dəyişdirilməsi və ya yenisi ilə əvəz edilməsi zəruri olan kömür fırçası və
lampa kimi hissələrə (elektrik izolyasiya maddələri və izolyasiya yağları istisna olmaqla)
sığorta təminatı verilmir.
2. ƏLAVƏ MÜQAVİLƏ BAĞLANMASI ŞƏRTİ İLƏ TƏMİNAT VERİLƏN HALLAR
Əlavə müqavilə bağlanması şərti ilə, aşağıdakı hallar sığorta təminatına daxil edilir:
2.1. Fiziki partlayışların səbəb olduğu ziyan və zərərlər, («fiziki partlayış» dedikdə,
təzyiq altında işləyən qablardakı buxarın, qazın və ya maye halındakı qazın ani olaraq
genişlənməsi nəticəsində meydana gələn güclü təzyiq və bunun nəticəsində qazın, buxarın və
ya maye halında olan qazın qabın divarını parçalayaraq çölə çıxması, beləliklə də qabın daxili
təzyiqi ilə xarici təzyiqi arasında bərabərlik yaranması başa düşülür);
2.2. Sığorta təminatına daxil olan səbəblərə görə dəzgah və avadanlıqların özlərinə və
ayrı-ayrı hissələrinə dəyən ziyan və zərərlər;
2.3. Sığorta təminatına daxil olan səbəblərlə əlaqədar meydana gələn ziyan və
zərərlərin tələb etdiyi, hava nəqliyyat vasitələri istisna olmaqla, digər sürətli nəqliyyat
vasitələri ilə həyata keçirilən daşıma xərcləri, normadan artıq işləməyə və istirahət və ya
bayram günləri işləməyə görə ödənilən haqlar;
2.4. Tətil, lokaut, iğtişaş və xalq hərəkatları və bunlara qarşı görülən inzibati və hərbi
tədbirlər nəticəsində baş verən bütün növ zərər və ziyanlar.
3. SIĞORTA TƏMİNATINA DAXİL EDİLMƏYƏN HALLAR
Aşağıdakı hallar sığorta təminatına daxil deyildir:
3.1. Müharibə, hər cür hərbi hərəkətlər, istila, düşmən basqını, vuruşma (müharibə
elan edilib edilməməyindən asılı olmayaraq), vətəndaş müharibəsi, inqilab, üsyan və bunlara
qarşı görülən inzibati və hərbi tədbirlər nəticəsində dəyən ziyan və zərərlər;
3.2. Hər hansı nüvə partlayışı, radiasiya və ya radioaktiv çirklənmələr və bunlara qarşı
görülən hərbi və inzibati tədbirlər nəticəsində dəyən bütün ziyan və zərərlər;
3.3. Səlahiyyətli orqanların sığortalanmış əmlaklardan istifadə etməsi nəticəsində
meydana gələn hər cür ziyan və zərərlər;
3.4. Yanğın və ya yanğın baş verməsi ilə əlaqədar həyata keçirilən söndürmə, yuma və
xilasetmə əməliyyatlarının, habelə ildırımın səbəb olduğu ziyan və zərərlər;
3.5. Səbəbindən asılı olmayaraq bütün növ gəlir itkisi və mülki məsuliyyətlər;
3.6. Oğurluq və oğurluğa cəhd nəticəsində meydana gələn ziyan və zərərlər;
3.7. Torpaq çökməsi və yer sürüşməsi, qar uçqunu, vulkan püskürməsi, zəlzələ, sel və
su basqını kimi təbii fəlakətlərin səbəb olduğu ziyan və zərərlər;
3.8. Dəzgahların normal işləməsi və daim istifadə olunması nəticəsində baş verən
aşınma və əprimələr və ya çürümələrlə, paslanma və oksidləşmə ilə, buxar qazanlarında ərp
bağlama və daşlaşma ilə işləmənin göstərdiyi təsirlərin, atmosfer təzyiqinin və digər bu kimi
şərtlərin səbəb olduğu tədrici köhnəlmələrlə əlaqədar olan ziyan və zərərlər;
3.9. Bərk maddə və qazların ani oksidləşməsi və ya qarşılıqlı reaksiyaya girmələri
nəticəsində baş verən partlayışların, atmosfer təzyiqi nəticəsində partlamaya meylli tozların
partlamasının səbəb olduğu ziyan və zərərlər;
3.10. Sığorta müddəti ərzində xarab olan dəzgahların təmir edilmədən işlədilməsi
nəticəsində baş verən ziyan və zərərlər;
3.11. Sığortalının və ya onun adından fəaliyyət göstərən şəxsin qəsdən hərəkətləri və
ya əlavə razılaşma varsa, kobud səhvi nəticəsində dəyən ziyan və zərərlər.
4. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA HAQQININ MÜƏYYƏN EDİLMƏSİ
Sığorta şəhadətnaməsində və onun ayrılmaz hissəsini təşkil edən inventar cədvəlində
göstərilən dəzgah və avadanlıqların sığorta məbləği, həmin dəzgah və avadanlıqların (əgər
varsa, nəqliyyat, montaj, gömrük, rüsum və xərcləri də daxil olmaqla) yenisi ilə əvəz edilmə
xərclərinə bərabərdir. Hadisə baş verdiyi zaman hər hansı bir dəzgahın yenisi ilə əvəz
edilməsi üçün bu prinsiplə hesablanacaq məbləğ sığorta məbləğindən artıq olarsa, artıq olan
həmin məbləğ sığortalı tərəfindən ödənilir.
Sığortalanmış dəzgah və avadanlıqların sığorta məbləğlərinin yenisi ilə əvəz edilmə
xərclərindən artıq və ya əksik olduğu hadisə baş verməmişdən əvvəl müəyyən edilmiş olarsa,
həmin tarixdən etibarən gün hesabı sığorta haqqı hesablanır, artıq və ya əskik alınan sığorta
haqqı geri qaytarılır və ya sığortalı tərəfindən ödənilir.
5. SIĞORTA TƏMİNATININ HÜQUQİ QÜVVƏYƏ MİNMƏ VƏ HÜQUQİ
QÜVVƏDƏN DÜŞMƏ VAXTLARI
Sığorta təminatı, əlavə razılaşma yoxdursa, sığorta şəhadətnaməsində göstərilən
başlanğıc və sona çatma tarixlərində Azərbaycan vaxtı ilə saat 00:00-da hüquqi qüvvəyə
minir və Azərbaycan vaxtı ilə saat 00:00-da hüquqi qüvvəsini itirir.
6. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ.
6.1 . Sığorta qanunvericiliyində və ya könüllü sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda,
həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən, sığorta müqaviləsinə sığortalının və ya sığortaçının
tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta
müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda
isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
6.2 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta
predmetinə münasibətdə) Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta
qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı həmin müqavilə üzrə işlərin
aparılması xərclərini çıxmaqla müqavilənin(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı
bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu
tələb Sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı
sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə
ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır.
6.3 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta
predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta
haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə
ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının sığorta
müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin müqavilə üzrə işlərin
aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını(qrup halında
sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını)
qaytarır.
6.4 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta
predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı
tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına(qrup halında sığorta zamanı həm də müqavilənin hər
hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan çox miqdarda sığorta
ödənişi verilmişdirsə, sığorta haqqı(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir
sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) Sığortalıya qaytarılmır.
6.5 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı
tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından(qrup halında sığorta zamanı həm də müqavilənin
hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi
verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında
sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Maddənin 6.1-ci və 6.2-ci bəndlərində
nəzərdə tutulmuş qaydada həyata keçirilir.
6.6 Sığorta müqaviləsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində müəyyən edilmiş
qaydada xitam verilmiş hesab edildikdə, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini
çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta
predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Maddənin 6.3-cü və 6.4-cü
maddələrinin tələbləri nəzərə alınmaqla, Sığortalının qanuni nümayəndəsinə qaytarır.
6.7 Əgər Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, işlərin aparılması xərcləri dedikdə
inzibati xərclər və sığorta ödənişi nəzərdə tutulur.
7. SIĞORTA MÜQAVİLƏSİ BAĞLANAN ZAMAN SIĞORTALININ MƏLUMAT
VERMƏ VƏZİFƏLƏRİ
7.1. Sığortaçı, sığorta müqaviləsini, sığortalının riskin mahiyyətini tam bildirməsi şərti
ilə təklifdə, təklif yoxsa, sığorta şəhadətnaməsində və ya onun əlavələrində yazdığı məlumata
əsasən bağlayır.
Sığortalının məlumatının yalan və yaxud yarımçıq olması hallarında sığortaçı sığorta
müqaviləsini imzalamaya bilər və ya:
7.1.1. Sığortalı bunu qəsdən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi andan etibarən
bir ay ərzində müqaviləni ləğv edə bilər və bu müddət ərzində sığorta hadisəsi baş verərsə,
sığorta ödənişi verməyə bilər;
7.1.2. Sığortalı bu hərəkəti bilmədən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən
etibarən bir ay ərzində müqaviləni ləğv edə və ya həmin vaxt üçün sığorta haqqı fərqini
almaqla müqaviləni davam etdirə bilər.
Sığortalı tələb edilən sığorta haqqı fərqini qəbul etmədiyini 15 gün ərzində bildirərsə,
sığorta müqaviləsi ləğv edilmiş hesab olunur.
Sığortaçı tərəfindən tətbiq olunan ləğv etmə, bu haqda sığortalıya sifarişli məktub
vasitəsilə məlumat göndərildiyi tarixdən 15 gün sonra saat 00:00-da, sığortalı tərəfindən
tətbiq edilən ləğv etmə isə bu haqda sığortaçıya sifarişli məktub vasitəsilə məlumat
göndərildiyi tarixdən sonrakı gün saat 00:00-da hüquqi qüvvəyə minir.
Ləğv etmənin hüquqi qüvvəyə mindiyi tarixə qədər keçən müddətin sığorta haqqı,
müqavilə sığortaçı tərəfindən ləğv edildikdə gün hesabı, sığortalı tərəfindən ləğv edildikdə isə
qısa müddətli sığorta kimi hesablanır və artıq qalan məbləğ geri qaytarılır.
7.2. Vaxtında istifadə olunmayan ləğv etmə və ya sığorta haqqının fərqini tələb etmək
hüququ etibarsız sayılır.
7.3. Sığortalının hərəkətinin qəsdən edilmədiyi hallarda sığorta hadisəsi:
- sığortaçı vəziyyəti öyrənməmişdən əvvəl;
- sığortaçı müqaviləni ləğv etməyin tələb edə biləcəyi müddət ərzində;
- və yaxud ləğv etmənin hüquqi qüvvə qazanması üçün lazım olan müddət ərzində baş
verərsə, onda sığortaçı verəcəyi ödənişi, sığortalının məlumatına əsasən ödənilməli sığorta
haqqı ilə həqiqətdə hesablanmalı olan sığorta haqqı arasındakı nisbətə uyğun olaraq ödəyir.
8. SIĞORTA MÜDDƏTİ ƏRZİNDƏ TƏRƏFLƏRİN VƏZİFƏLƏRİ VƏ
MƏSULİYYƏTİ
8.1. Müqavilə imzalandıqdan sonra sığortalanmış əmlakın təklifdə, əgər təklif yoxsa,
sığorta şəhadətnaməsində və ya onun əlavələrində göstərilən yeri və ya vəziyyəti sığortaçının
razılığı olmadan dəyişdirilərsə, sığortalı bu haqda, əgər dəyişiklik:
- özü tərəfindən, yaxud onun açıq və ya gizli razılığı ilə başqası tərəfindən edilibsə,
dərhal;
- onun açıq və ya gizli razılığı olmadan başqa bir şəxs tərəfindən edilibsə, vəziyyəti
öyrənən kimi dərhal;
- hər iki halda ən gec 8 gün ərzində sığortaçıya məlumat verməlidir.
8.2. Sığortaçı vəziyyəti öyrəndikdən sonra bu dəyişiklik sığorta müqaviləsinin
pozulmasını və ya daha ağır şərtlər irəli sürməsini tələb edərsə, 8 gün ərzində:
- müqaviləyə xitam verə bilər və ya;
- sığorta haqqı fərqini tələb etməklə sığortanı davam etdirə bilər.
8.3. Sığortalı, 8 gün ərzində sığorta haqqının fərqi kimi tələb olunan məbləğlə
razılaşmadığını bildirərsə, müqavilə ləğv edilmiş hesab olunur.
8.4. Sığortaçı tərəfindən həyata keçirilən ləğv etmə, sifarişli məktub vasitəsilə
sığortalıya məlumat göndərildiyi tarixdən 8 iş günü sonra saat 00:00-da, sığortalı tərəfindən
həyata keçirilən ləğv etmə isə bu haqda sığortaçıya sifarişli məktub vasitəsilə məlumat
göndərildiyi tarixin ertəsi günü saat 00:00-da hüquqi qüvvə qazanır.
8.5. Ləğv etmənin hüquqi qüvvəyə mindiyi tarixə qədər keçən müddətin sığorta haqqı,
müqavilə sığortaçı tərəfindən ləğv edildikdə gün hesabı, sığortalı tərəfindən ləğv edildikdə isə
qısa müddətli sığorta kimi hesablanır və artıq qalan məbləğ geri qaytarılır.
8.6. Vaxtında istifadə olunmayan ləğvetmə və ya sığorta haqqı fərqini tələbetmə
hüququ ləğv edilmiş hesab olunur.
8.7. Sığortalanmış əmlakın təklifdə, təklif yoxsa, sığorta şəhadətnaməsində və ya onun
əlavələrində göstərilən yerinin və ya vəziyyətinin dəyişməsini öyrənmiş sığortaçı sığorta
haqqını qəbul edərsə və ya sığorta müqaviləsinin heç bir dəyişiklik edilmədən qüvvədə
qalmasına razı olduğunu bildirərsə, ləğv etmə və ya sığorta haqqı fərqini tələb etmə hüququnu
itirir.
8.8. Sığortalanmış əmlakın yerinin və ya vəziyyətinin dəyişdirilməsi, riskin başvermə
ehtimalını ağırlaşdırarsa və sığortalı bunu xəbərdarlıq müddəti ərzində qəsdən bildirməzsə,
xəbərdarlıq müddəti başa çatdıqdan sonra baş verən hadisələrlə əlaqədar sığorta ödənişi
verilmir.
8.9. Xəbərdarlıq qaydaları qəsdən pozulmamışdırsa, alınan sığorta haqqı ilə alınmalı
olan sığorta haqqı arasındakı fərq hadisəyə görə ödənilməsi nəzərdə tutulan sığorta
ödənişindən çıxılır.
8.10. Dəyişiklik, hadisə baş verməsinin qarşısının alınmasına kömək edərsə və daha az
sığorta haqqı tələb edərsə, sığortaçı bu dəyişikliyin baş verdiyi tarixdən başlayaraq
müqavilənin başa çatmasına qədər olan müddət üçün sığorta haqqı fərqini gün hesabı
hesablayır və fərqi sığortalıya qaytarır.
Bu qaydalar sığortalıya də eyni qaydada tətbiq edilir.
9. MÜLKİYYƏT SAHİBİNİN DƏYİŞDİYİ HALLAR
9.1. Sığortalanmış əmlak özgəninkiləşdirildikdə, sığortalının hüquq və vəzifələri əldə
edənə keçir.
9.2. Sığortalanmış əmlakın özgəninkiləşdirilməsi haqqında sığortaçıya dərhal məlumat
verilməlidir. Əldə edən və ya özgəninkiləşdirən bu barədə sığortaçıya dərhal məlumat
vermədikdə, əgər sığorta hadisəsi əmlakın özgəninkiləşdirildiyi andan iki həftə sonra baş
verərsə, sığortaçı sığorta ödənişi vermək vəzifəsindən azad edilir.
9.3. Sığortaçının müqavilənin ləğvi üçün bir aylıq müddəti gözləməklə əldə edənlə
sığorta münasibətlərinə xitam vermək ixtiyarı vardır. Əgər sığortaçı əmlakın
özgəninkiləşdirildiyinin ona məlum olduğu andan bir ay ərzində müqaviləni ləğv etmək
hüququndan istifadə etməzsə, onun bu hüququ qüvvədən düşür.
9.4. Əldə edənin sığorta müqaviləsini ləğv etmək ixtiyarı vardır; o, müqaviləni yalnız
dərhal və ya sığortanın cari dövrünün sonuna yaxın ləğv edə bilər. Əgər əldə edən əmlakı əldə
etdikdən sonra bir ay ərzində müqaviləni ləğv etmək hüququndan istifadə etməzsə, bu hüququ
itirir, əldə edən sığortadan xəbərdar olmadıqda isə ləğvetmə hüququ əldə edənin sığorta
münasibətlərindən xəbər tutduğu andan bir ay keçənədək qüvvədə qalır.
9.5. Əgər sığorta müqaviləsinə bu maddənin qaydaları əsasında xitam verilmişdirsə,
özgəninkiləşdirən sığortaçıya sığorta haqqı ödəməlidir, lakin bu haqq onun sığorta dövrü
ərzində, müqavilənin ləğvi məqamı da daxil olmaqla, ödəməli olduğundan artıq olmamalıdır;
bu halda əldə edən sığorta haqqının ödənilməsi üçün məsuliyyət daşımır.
10. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ SIĞORTAÇININ MƏSULİYYƏTİNİN
BAŞLANMASI
10.1. Sığorta haqının bütövlükdə və ya hissə-hissə ödənilməsi razılaşdırıla bilər.
Sığorta haqqı (ilkin hissə) ən gec sığorta şəhadətnaməsi təqdim olunan vaxt, (hissəhissə
ödənməsi razılaşdırılıbsa, qalan hissələr isə sığorta şəhadətnaməsində göstərilən
tarixlərdə) ödənilməlidir.
10.2. Sığorta haqqı (ilkin hissə) sığorta şəhadətnaməsi təqdim olunan vaxt ödənməzsə,
sığortaçı sığorta ilə əlaqədar heç bir məsuliyyət daşımır və bu şərt sığorta şəhadətnaməsində
yazılır.
10.3. Sığorta haqqının hissə-hissə ödəniləcəyi razılaşdırıldığı zaman ardıcıl surətdə iki
hissənin ödənmədiyi və ya hadisə baş vermədiyi hallarda, hissələrin hamısı bir dəfəyə ödənir
və bu şərt sığorta şəhadətnaməsində yazılır.
10.4. Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı hallarda, hissələrdən hər
hansı biri şəhadətnamədə göstərilən vaxta ödənilməzsə, Sığortaçı onun ödənilməsi üçün yazılı
surətdə 15(on beş) günədək müddət müəyyən edə bilər. Hər bir halda sığorta haqqı və ya onun
razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq
ödənilməlidir. Müəyyən olunmuş gün ərzində sığorta haqqı ödənilməzsə sığorta
şəhadətnaməsi etibarsız hesab olunacaq. Ləğv etmənin hüquqi qüvvə qazandığı tarixə qədər
keçən müddətin sığorta haqqı gün hesabına görə hesablanır və artıq qalan məbləğ sığorta
olunana qaytarılır.
11. SIĞORTALININ, SIĞORTA ŞƏHADƏTNAMƏSİ HÜQUQİ QÜVVƏDƏ
OLDUĞU MÜDDƏT ƏRZİNDƏ VƏZİFƏLƏRİ
11.1. Sığortalı sığortalanmış dəzgah və avadanlıqların təhlükəsizliyi və qorunması
üçün lazımi tədbirlər görməlidir.
11.2. Sığortalı sığortalanmış dəzgah və avadanlıqları normal vəziyyətdə və işlək halda
saxlamaq üçün lazımi tədbirlər görməli, qəbul olunmuş həddən artıq yüklənmələrin qarşısını
almalıdır, səlahiyyətli orqanlar tərəfindən qoyulan, xüsusən də dəzgah və avadanlıqların
işlədilməsi və onlara qulluq edilməsi ilə əlaqədar olan qayda və təlimatlara tam əməl
etməlidir.
11.3. Sığortaçının, istədiyi vaxt səlahiyyətli nümayəndəsi vasitəsilə sığorta etdirilmiş
dəzgah və avadanlıqlara nəzarət etmək və onları yoxlamaq səlahiyyəti vardır. Sığortalı bu
yoxlamalara icazə verməyə və kömək etməyə və sığortaçının məsləhət biləcəyi tədbirləri
həyata keçirməyə görə cavabdehdir.
12. SIĞORTA HADİSƏSİ BAŞ VERDİYİ ZAMAN SIĞORTALININ VƏZİFƏLƏRİ
Zərər baş verdiyi zaman sığortalı:
12.1. Zərərin baş verdiyini öyrəndikdən sonra ən gec 5 gün ərzində sığortaçıya
məlumat verməli, müvafiq mühafizə və xilasetmə tədbirlərini həyata keçirməli və bu
məqsədlə sığortaçı tərəfindən ona verilmiş təlimata, imkan daxilində, maksimum əməl
etməlidir;
12.2. Hadisənin səbəbini, hansı şəraitdə və şərtlər daxilində baş verdiyini öyrənmək,
zərər və ziyanın məbləğini müəyyən etmək üçün lazım və sığortalı tərəfindən təmin olunması
mümkün olan məlumat və sənədləri (əsli, təsdiq edilmiş surət və ya kserosurəti) sığortaçının
tələbinə əsasən gecikdirmədən ona verməli və zərərin təqsirkar üçüncü şəxs tərəfindən
ödənilməsi hüququndan istifadə olunması üçün lazım olan, qoruna bilən, müvafiq məlumat və
sənədləri verməlidir.
12.3. Ziyan və zərərin təxmini məbləğini bildirən məlumatı münasib vaxt ərzində
sığortaçıya verməlidir;
12.4. Zərərin baş verdiyi yer və ya əmlaklara, zəruri hallar istisna olmaqla, heç bir
dəyişiklik etməməlidir;
Xəbərdarlıq edilməklə xırda təmirlər və müəssisənin fəaliyyətinin davam etdirilməsi
üçün vacib olan əsaslı təmirlər, təmir haqda xüsusi xəbərdarlıq edilməsi şərti ilə aparıla bilər.
Sığortaçı, tədqiqat işlərini zərərin baş verməsi ilə əlaqədar xəbəri aldıqdan sonra 7 gün
ərzində həyata keçirməzsə, sığortalı bütün növ təmirlərin aparılmasında sərbəstdir;
12.5. Sığortaçının səlahiyyətli nümayəndələrinin ödəniş cavabdehliyi və məbləğini,
zərərin təqsirkar üçüncü şəxslər tərəfindən ödənilməsi hüququnu müəyyən etmək üçün sığorta
olunmuş yer və ya əmlaklara, bunlarla əlaqədar sənədlər üzərində həyata keçirəcəkləri
yoxlama və tədqiqatlara icazə verməlidir;
12.6. Sığorta olunmuş yer və ya əmlaklar, başqa bir sığorta şirkətində də sığorta
olunmuşsa, bunu sığortaçıya bildirməlidir.
13. ZƏRƏRİN MÜƏYYƏN EDİLMƏSİ
13.1. Sığorta etdirilmiş əmlaklarda meydana gələn zərər və ziyanın məbləği bu sığorta
şəhadətnaməsinə uyğun olaraq, tərəflərin razılığı ilə müəyyən edilir. Tərəflər razılığa gələ
bilmədikləri təqdirdə, zərərin məbləği, montaj işini bilən mütəxəssis mühəndislər arasından
birlikdə seçilmiş ekspertlər tərəfindən müəyyən edilir:
13.2. Tərəflər, eksperti birlikdə seçmək haqqında razılığa gələ bilməzlərsə, onda hər
biri ayrılıqda öz ekspertini seçir və bunu digər tərəfə bildirir. Tərəflərin ekspertləri seçildikləri
tarixdən etibarən 7 gün ərzində, hadisə ilə əlaqədar tədqiqata başlamazdan əvvəl, üçüncü
bitərəf eksperti seçirlər. Bitərəf ekspertin, yalnız tərəfli ekspertlərin razılığa gələ bilmədikləri
məsələlər haqqında rəy vermək səlahiyyəti vardır. Bitərəf ekspert öz rəyini, ayrıca və ya
tərəflərin ekspertləri ilə birlikdə ümumi bir rəy vasitəsilə bildirə bilər. Ekspert rəyləri tərəflərə
eyni vaxtda təqdim olunur.
13.3. Ekspert rəylərində aşağıdakılar göstərilməlidir:
– həm hər bir hissə üçün müəyyən ediləcək ziyan və zərərin məbləği, həm də ziyan və
zərərin bilinən və ya müəyyən edilən səbəbi;
– zərərə uğramış əmlakın, hadisənin baş verdiyi tarixdən 1 gün əvvəlki həqiqi dəyəri
və bərpa xərcləri;
– təmir və ya başqa hallar üçün istifadə oluna bilinəcək uçuq və dağıntıların həcmi və
dəyəri.
13.3. Tərəflərdən hər hansı biri, digər tərəf məlumat verdiyi tarixdən etibarən 15 gün
ərzində öz ekspertini təyin etməzsə, yaxud tərəflərin seçdiyi ekspertlər, üçüncü bitərəf
ekspertin seçilməsi ilə əlaqədar təyin olunduqları tarixdən etibarən 7 gün ərzində razılığa gələ
bilməzlərsə, tərəflərin ekspertləri və ya bitərəf ekspert tərəflərdən birinin təklifi ilə zərərin baş
verdiyi ərazidə yerləşən, iqtisad mübahisələrinə baxmağa səlahiyyəti çatan məhkəmə
tərəfindən, mütəxəssis olan şəxslər arasından seçilir;
13.4. Tərəflər, bitərəf ekspertin (bu ekspert istər tərəflərin ekspertləri tərəfindən,
istərsə də səlahiyyətli məhkəmə tərəfindən seçilmiş olsun) sığortaçının və ya sığortalının
yaşadığı və ya hadisənin baş verdiyi ərazidən kənarda seçilməsini tələb etmək hüququna
malikdir və bu tələb təmin edilməlidir;
13.5. Ekspert vəfat edərsə, vəzifəsindən istefa verərsə və ya qəbul edilməzsə, onun
əvəzinə eyni şərtlərlə başqa ekspert seçilir və hadisənin tədqiqi yarımçıq qaldığı yerdən
davam etdirilir.
13.6. Sığortalının vəfat etməsi təyin edilmiş eksperti vəzifə məsuliyyətindən azad
etmir.
Ekspertin iş qabiliyyəti ilə əlaqədar etirazlar, bu şəxslərin təqdim olunduqları tarixdən
etibarən 7 gün ərzində bildirilməlidir. Bu vaxt başa çatdıqdan sonra etiraz hüququ qüvvədən
düşür;
13.7. Ekspertlər öz tədqiqatlarında tam sərbəstdirlər. Onların hüquqları qanun və
qərarlarla da məhdudlaşmır;
13.8. Ziyan və zərərin məbləği müəyyən edildiyi zaman, ekspertlər lazım bildikləri
dəlilləri, zərər çəkmiş sığortalanmış əmlakın və onun dəyərinin müəyyən edilməsi üçün lazım
olan qeydləri və sənədləri tələb edə və yerində tədqiqatlar apara bilərlər;
13.9. Tərəflərin ekspertlərinin, yaxud üçüncü ekspertin, zərərin məbləği ilə əlaqədar
verəcəkləri rəy qətidir və tərəflər bu rəyə əməl etməlidirlər. Sığortalı ekspert rəyi olmadan
sığortaçıdan ödəniş tələb edə və ona qarşı iddia qaldıra bilməz. Ekspertin rəyinə, yalnız onun
real vəziyyətindən açıq-aşkar fərqləndiyi zaman etiraz edilə bilər və bu rəyin ləğv edilməsi,
rəyin bildirildiyi tarixdən etibarən bir həftə ərzində hadisənin baş verdiyi ərazidə yerləşən
iqtisad mübahisələrini həll etməyə səlahiyyəti olan məhkəmələr tərəfindən həyata keçirilə
bilər;
13.10. Tərəflər, ödəniş məbləği ilə əlaqədar razılığa gələ bilməzlərsə, bu məbləğ
yalnız ekspertin rəyi ilə müəyyən edilir və müddət rəyin tərəflərə bildirildiyi tarixdən
başlayaraq hesablanır;
13.11. Tərəflərin hər biri öz seçdiyi ekspertin haqqını ödəyir. Üçüncü, bitərəf ekspertin
haqqını tərəflər birlikdə ödəyirlər;
13.12. Ziyan və zərər məbləğinin müəyyən edilməsi, təminat verilən risklər, sığorta
məbləği, sığorta haqqı, əmlakın dəyərindən artıq və ya əksik olan sığorta, sığorta
məsuliyyətinin başlaması, hüquqları ləğv edəcək və məhdudlaşdıracaq səbəblərlə əlaqədar bu
sığorta şəhadətnaməsində və qanunvericilikdə göstərilən hökm və şərtlərə və onların tətbiq
olunmasına təsir etmir.
14. ÖDƏNİŞ HAQQININ AZALDILMASI VƏ YA HAQQIN ÖDƏNİLMƏSİNDƏN
İMTİNA HALLARI
14.1. Sığortalı, sığorta hadisəsi baş verdiyi zaman öz vəzifələrini yerinə yetirməzsə və
bunun nəticəsində də zərərin məbləği artarsa, sığortaçının verəcəyi ödəniş göstərilən səbəbə
görə artan vəsait həcmində azaldılır;
14.2. Sığortalı hadisəsinin baş verməsinə qəsdən şərait yaradarsa və ya qəsdən zərərin
həcmini artıracaq hərəkətlər edərsə, bu qaydalarda nəzərdə tutulan hüquqlarını itirir.
15. SIĞORTA ÖDƏNİŞİNİN HESABLANMASI
Sığorta ödənişinin məbləği aşağıdakı şərtlər daxilində müəyyən edilir:
15.1. Təmir edilə bilən zərər və ziyan (qismi zərər) halında:
sığorta ödənişinin məbləği, dəyişdiriləcək ehtiyat hissələrinin yenisinin alış qiymətinin, həmin
hissələrin quraşdırılması üçün yerli iş saatları tarifinə görə ödəniləcək haqların və əgər varsa,
normal nəqliyyat xərcləri (təyyarə istisna olmaqla), sökmə və montaj xərcləri, gömrük, vergi
və rüsum ödəmələri də daxil olmaqla, dəzgah və avadanlıqların hadisədən əvvəlki
vəziyyətlərinə gətirilməsi üçün lazım olan xərclərin ümumi cəmindən ibarət olur. Təmir işi
ilə əlaqədar köhnə hissənin yerinə təzə hissə qoyulmasına görə ödənişin məbləği azaldılmır.
Yenidən istifadə olunması mümkün olan hissələrin dəyəri ödəniş məbləğindən çıxılır.
15.2. Sığorta şəhadətnaməsində göstərilən dəzgah və avadanlıqlar tamamilə zərərə
düşdükləri zaman:
sığorta ödənişinin məbləği, dəzgah və avadanlıqların təzəsinin hadisə baş verdiyi
tarixdəki cari qiymətindən köhnəlmə və aşınma nisbətləri və xilas edilən hissələrin
dəyərlərinin çıxılması yolu ilə əldə olunan məbləğə, sökmə xərclərinin, nəqliyyat, gömrük
vergisi, digər vergi, rüsum və xərclərin və bu xüsusda müqavilədə başqa bir şərt nəzərdə
tutulubsa, bu qaydaların 2.2. və 2.3. yarım bəndlərində göstərilən amillərin əlavə edilməsi
yolu ilə hesablanan məbləğdən ibarət olur. Yuxarıda (14.1. yarım bəndi) göstərilən təmir
xərcləri bu bəndə əsasən müəyyən edilən ödəniş məbləği ilə bərabər və ya ondan artıq olarsa,
dəzgah və avadanlıq tam zərərə uğramış hesab edilir;
15.3. Sığorta şəhadətnaməsində hər bir dəzgah və ya avadanlıq üçün göstərilən
minimum azadolma nisbətindən az olmamağı şərti ilə, başqa bir şərt nəzərdə tutulmazsa, hər
bir zərərin 20%-i sığortalı tərəfindən ödənilir;
15.4. Bütün hallarda sığortaçının məsuliyyəti sığorta şəhadətnaməsində göstərilən
məbləğlə məhdudlaşır. Sığorta məbləği, hadisə baş verdiyi zaman sığortalanmış dəzgah və
avadanlıqların dəyərinin müəyyən edilməsi üçün əsas götürülə bilməz. Bu məbləğ bu
qaydaların 4-cü bəndinə əsasən hesablanacaq sığorta dəyəri ilə uyğun olmadıqda ödənişin
məbləği, sığorta məbləği ilə sığorta dəyəri arasındakı fərq nisbətinə uyğun olaraq müəyyən
edilir;
15.5. Sığorta şəhadətnaməsi ilə təminat verilən hadisəyə başqa bir sığorta
şəhadətnaməsi ilə də təminat verilmiş olarsa, şərikli sığorta əsasları tətbiq edilir;
15.6. Son təmir xərclərinin bir hissəsini təşkil etməyən müvəqqəti təmir xərcləri üçün
sığortaçı ödəniş vermir.
16. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ
16.1 Sığortalı tərəfindən aşağıda göstərilən sənədlərin təqdim olunması vaxtından
etibarən 15 iş günü ərzində sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi
verməkdən imtina olunması haqqında qərar qəbul edir:
- Sığorta ödənişinin verilməsi barədə ərizə;
- Sığorta şəhadətnaməsi;
- Baş vermiş hadisə ilə bağlı aidiyyətli orqanların tərtib etdiyi sənədlər (arayış,
akt, rəy və ş.);
- Zərər dəymiş sığorta predmetinə mülkiyyət hüququnu təsdiq edən sənəd;
- Zərərlə bağlı müstəqil ekspertlərin tərtib etdikləri rəy və zərər hesabı;
- Sığorta hadisəsinin mahiyətindən asılı olaraq digər sənədlər.
16.2. Sığortaçı, zərər çəkmiş dəzgah və avadanlığı və ya onların zərər çəkmiş
hissələrini təmir etdirə biləcəyi kimi, onların dəyərini nağd yolla da ödəyə bilər.
17. ZƏRƏR VƏ ÖDƏNİŞİN SONA ÇATMASI
17.1. Sığortaçı ödədiyi sığorta ödənişinin müqabilində sığortalının günahkar şəxslərə
qarşı iddia qaldırmaq hüququna malik olur. Sığortalı, sığortaçı iddia irəli sürərsə, bu iddia
məsələsini aydınlaşdırmaq üçün lazım olan və əldə edilməsi mümkün olan sənədləri və
məlumatları mütləq təqdim etməlidir.
17.2. Təminat verilən hadisə nəticəsində tam zərər meydana gələrsə, sığorta təminatı
sona çatmış hesab olunur. Zədələnmə halında isə, sığorta məbləği, hadisənin baş verdiyi
tarixdən etibarən verilən ödənişin məbləği qədər azaldılır.
17.3. Sığorta məbləği, sığorta şəhadətnaməsində müxtəlif vahidlər (növ və qrup)
halında göstərilərsə və bu vahidlərdən (növ və ya qruplardan) biri və ya bir neçəsi tamamilə
zərərə uğrayarsa, həmin vahidlərə (növ və ya qruplara) aid olan sığorta təminatı hadisənin baş
verdiyi tarixdə sona çatar. Qismi zərər halında isə hər bir vahid (növ və ya qrup) üçün
müəyyən edilmiş sığorta məbləği, zərərin baş verdiyi tarixdən etibarən, verilmiş sığorta
ödənişinin məbləği qədər azaldılır.
17.4. Sığorta məbləğinin azalması hallarında hadisənin baş verdiyi tarixdən etibarən
gün hesabı əsas götürülərək əlavə sığorta haqqı alınmaq şərti ilə sığorta məbləği əvvəlki
həcminə qədər artırıla bilər.
17.5. Qismi zədələrdə, tərəflərin sığorta müqaviləsini ləğv etmək hüququ vardır.
Sığortaçı ləğv etmə hüququndan ödəniş verməmişdən əvvəl istifadə edə bilər.
18. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
18.1 Sığortalının hüquqları:
18.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən
Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə
etmək;
18.1.2 Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb
etmək.
18.2 Sığortalının vəzifələri:
18.2.1 Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə
ödəmək;
18.2.2 Sığorta müqaviləsinin bağlanması üçün zəruri olan, eyni zamanda sığorta müqaviləsi
ilə bağlı digər məlumatları Sığortaçıya təqdim etmək;
18.2.3 Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum olan və Sığortaçının
müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq
qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat vermək;
18.2.4 Sığorta müqaviləsinə aid olan sənədlərin qorunub saxlanmasını təmin etmək.
18.3 Sığortaçının hüquqları:
18.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan
tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;
18.3.2 Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina
etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən geri
qaytarılmasını tələb etmək;
18.3.3 Sığortalı ona məlum olan riskin qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində
və sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar
olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək;
18.3.4 Sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən
müddət ərzində ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini
dayandırmaq yaxud Sığorta müqaviləsinə xitam vermək;
18.3.5 Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam
vermək.
18.4 Sığortaçının vəzifələri:
18.4.1 Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsini Sığortalıya təqdim etməlidir;
18.4.2 Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata
keçirmək;
18.4.3 Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək;
18.4.4 Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda
müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində
Sığortalıya qaytarmaq.
19. MÜLKİYYƏT HÜQUQUNUN VERİLMƏSİ
Əlavə razılaşma yoxdursa, zərər çəkmiş əmlakların mülkiyyət hüququ sığortaçıya
verilmir.
20. MƏLUMAT VƏ XƏBƏRDARLIQLAR
20.1. Sığortalının məlumat və xəbərdarlıqları, sığortaçıya və ya sığorta müqaviləsinin
imzalanması işinə vasitəçilik edən agentliyə sifarişli məktub vasitəsi ilə bildirilir.
20.2. Sığortaçının məlumat və xəbərdarlıqları sığortalının sığorta şəhadətnaməsində
göstərilən ünvanına, bu ünvan dəyişmişsə, sığortaçıya və ya sığorta müqaviləsinin
bağlanmasına vasitəçilik edən agentliyə bildirilən son ünvana, eyni formada çatdırılır.
20.3. Tərəflərə imza müqabilində şəxsən təqdim edilən məktublar və ya teleqramlar
vasitəsilə bildirilən məlumat və xəbərdarlıqlar da sifarişli məktub vasitəsilə bildirilən məlumat
və xəbərdarlıqlar səviyyəsində hüquqi qüvvəyə malikdir.
20.4. Hadisənin baş verməsi və ya təmir işlərinə başlanması ilə əlaqədar məlumatlar
mütləq qabaqcadan teleqramla bildirilməlidir.
21. KOMMERSİYA VƏ İŞ SİRLƏRİNİN QORUNMASI
Sığortaçı, sığortalıya aid öyrənəcəyi bütün kommersiya və iş sirrinin gizli
saxlamamağı səbəbindən ona dəyəcək zərərə görə məsuliyyət daşıyır.
22. MƏHKƏMƏ AİDİYYƏTİ
Bu sığorta şəhadətnaməsi ilə əlaqədar meydana çıxacaq fikir ayrılıqları sığortaçının
iddiaları zamanı onun və ya müqavilənin imzalanmasına vasitəçilik edən agentliyin yerləşdiyi
ərazidə və yaxud hadisənin baş verdiyi ərazidə, sığortalının əleyhinə olan iddialar zamanı isə
sığortalının yaşadığı ərazidə iqtisadi mübahisələri həll etməyə səlahiyyəti olan məhkəmə
tərəfindən həll olunur.
23. İDDİA MÜDDƏTİ
Sığorta şəhadətnaməsindən irəli gələn bütün tələblər Azərbaycan Respublikasının
Mülki Qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə həll edilir.
24. XÜSUSİ ŞƏRTLƏR
Bu Qaydalara və əgər varsa, əlaqədar izahatlarla (kloz) ziddiyyət təşkil etməməyi şərti
ilə xüsusi şərtlər qəbul oluna bilər.
“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti
Dəzgah sınması sığortası üzrə tarif dərəcələrinin əsaslandırılması
Tarif dərəcələri əsaslandırılarkən əvvəlcə netto-dərəcələr hesablanır. Netto-dərəcələrin
hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:
1)Sığorta hadisəsinin baş verməsi ehtimalı(q) - 0,01;
2)Bir sığorta müqaviləsi üzrə orta sığorta məbləği(So) -100 000 AZN;
3)Bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi(Sü) – 22 000 AZN;
4)Bağlanılacaq sığorta müqavilələrinin sayı(n) - 400.
Tn,Tə və Tr ilə müvafiq olaraq netto-dərəcəni, onun əsas hissəsini və risk işarə edək.
Netto-dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla
hesablanır:
Tə = 100qSü/So = 100.0,01.110 000 000/500 000 000 = 0,22 AZN.
Risk üstəliyini hesablamaq üçün təminat ehtimalını 0,98 götürək. Bu halda həmin
ehtimala uyğun əmsal a=2 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:
Tarif dərəcəsinin strukturu: netto-dərəcə-70%, yüklənmə-30%. O cümlədən işlərin
aparılması xərcləri-28%, qarşısıalınmaz tədbirləri fonduna ayırma-1%, tarif mənfəəti-1%.
Brutto-dərəcəni Tb ilə işarə edək. Onda brutto-dərəcənin hesablanması düsturuna
əsasən
Tb = Tn /(1-f) = 0,48/(1-0,3) = 0,68 AZN.
Dəzgahlara dövrü nəzarət olunub-olunmamağından, onun elektrik enerjisinin hansı
mənbədən təmin edilməsindən və s. amillərdən asılı olaraq baza tarif dərəcəsinə azaldıcı və
artırıcı əmsallar tətbiq edilir. Ona görə də, yekun tarif dərəcəsi 0,3%-6%, yalnız zəlzələ
hadisəsi ilə əlaqədar tarif dərəcəsi isə 0,2%-0,245% aralığında dəyişir.